Hacı Vəliyevin həbs müddəti uzadılıb

Hacı Vəliyev

Bu gün, iyunun 20-də Xətai rayon Məhkəməsində fəaliyyəti dayandırılan Gənc Qazilər Birliyinin sədri olmuş Hacı Vəliyev barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmədə təqdimat təmin olunub, H.Vəliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Bu barədə müdafiə tərəfi bildirib.

O, Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

H.Vəliyev bu il aprelin 1-də həbs edilib. İttihami qəbul etmir. Onun həbsindən sonra "Gənc Qazilər" İctimai Birliyinin fəaliyyətini dayandırdığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, yarandığı gündən müharibədə sağlamlığını itirən insanların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası və vətənpərvərlik dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərib: "Lakin son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən təşkilati fəaliyyətin davamlığında çətinliklər, üzvlər arasında əlaqələrin zəifləməsi və ictimai gözləntilərlə uzlaşmayan durumlar nəzərə alınaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb. Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik".

H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. Onun bundan əvvəl də saxlanıb sərbəst buraxıldığı bildirilmişdi. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.

Gənc Qazilər Birliyi 2021-ci ildə "Qarabağ Qaziləri" İB-nin əsasında yaradılmışdı.